Baksell Naxçıvanda yeni Xidmət Mərkəzi açdı ()
Daim dəyişən və inkişaf edən “Baksell Ltd” MMC əhatə dairəsinin genişlənməsi üzrə növbəti addımı atdı.
14 noyabr 2006-cı il tarixində Naxçıvan şəhərində Baksell şirkətinin Muxtar Respublikada mobil rabitə xidmətinin kommersiya istifadəsinin başlanması və şirkətin yeni xidmət mərkəzinin açılmasına həsr olunmuş tədbir keçirildi. Tədbir Baksell-in Xidmət Mərkəzinin açılış mərasimi ilə başladı. Həmin tədbirdə Baksell-in baş icraçı direktoru cənab Martin Kverk yerli hökümət nümayəndələri, televiziya və media qarşısında çıxış etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov da açılışda iştirak edərək öz xeyir-duasını verdi və Baksell-in yeni Xidmət Mərkəzinə uğurlar arzuladı. Martin Kverk öz çıxışında aşağıdakıları qeyd etdi:
“Biz hamımız bilirik ki, Naxçıvan torpağı 15 ildən artıqdır ki, blokada şəraitində yaşayır və öndə duran işlərdən biri də Naxçıvanın rabitə-informasiya blokadasının qarşısını almaqdır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən geniş miqyaslı quruculuq işləri digər məqsədlərdən başqa fasiləsiz rabitənin və informasiya mübadiləsinin təmin olunmasına xidmət edir.
Baksell də öz növbəsində Muxtar Respublikada həyata keçirilən işləri vacib bilərək bu quruculuq prosesinə qatıldı və ilk regional xidmət mərkəzini məhz Naxçıvanda açdı.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında Baksell-in rabitə xidmətinin kommersiya istifadəsinə verilməsini şirkətin fəaliyyətində yeni səhifə kimi qiymətləndirmək olar.
Məlumat üçün deyim ki, son üç ay ərzində Muxtar Respublikanın ərazisində 20-ə qədər baza stansiyası istifadəyə verilmişdir. Naxçıvanın 80%-dən çox ərazisi, yəni rayon mərkəzləri və əsas yollar şirkətin əhatə dairəsinə artıq daxil edilib.
Satış şəbəkəsinə gəldikdə isə demək istərdim ki, bu günkü günə şirkətimizin burada 1 distribyuter, 10 diler və 200-dən artıq satış nöqtəsi mövcuddur.
Önündə durduğumuz yeni xidmət mərkəzi abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şəraitlə və ən müasir avadanlıqlarla təmin olunub. Burada 6 ədəd xidməti kassa və gözləmə yerləri nəzərdə tutulub. Növbənin müşahidə və idarə edilməsi üçün quraşdırılmış xüsusi avadanlıqlar isə abunəçilərə müxtəlif seçim imkanı yaradacaq.
Qeyd etmək lazımdır ki, Baksell-in açılan yeni Xidmət Mərkəzi gündə 500-ə yaxın abunəçiyə xidmət etmək imkanına malikdir.
Baksell abunəçiləri bu mərkəzə müraciət edərək yaranan problemləri həll edib, arzuladıqları xidmətlərə qoşulub və onları maraqlandıran suallara cavab alaraq tam xidmət ala bilərlər.”
Planlara gəldikdə, cənab Kverk bildirdi ki, növbəti 3 ay ərzində baza stansiyalarının sayını 2 dəfə artırmaq, bununla da Muxtar Respublikanı Baksell-in xidmətlərilə tam əhatə etmək, diler şəbəkəsini növbəti 6 ay ərzində 2 dəfə artırmaq planlaşdırılır. Şirkətin baş direktoru yaxın zamanlarda Gəncə, Sumqayıt, ardınca Şəki-Zaqatala zonası və nəhayət Lənkaran-Astara zonasında da yeni xidmət mərkəzlərinin açılışı haqqında məlumat verdi.
«Bakcell»-in Mətbuat Xidməti
|