Baksell Gəncədə yeni Xidmət Mərkəzi açdı ()
 Daim dəyişən və inkişaf edən “Baksell Ltd” MMC növbəti addım atdı. 20 aprel 2007-ci il tarixində Gəncə şəhərində Baksell şirkətinin yeni xidmət mərkəzinin açılmasına həsr olunmuş tədbir keçirildi. Tədbir Baksell-in Xidmət Mərkəzinin açılış mərasimi ilə başladı. Burada yerli hökumət, televiziya və media nümayəndələri də iştirak etdilər. Gəncə şəhəri, Nizami rayonu İcra Hakimiyyəti Başçısı Çingiz Muxtarov və Kəpəz rayonu İcra Hakimiyyəti Başçısı Paşa Paşayev də iştirakçıları açılış münasibətilə təbrik etdilər. Baksell-in Əməliyyatlar üzrə Müdiri cənab Riçard Perks öz nöbvəsində çıxış edərək aşağıdakıları qeyd etdi: “Gəncə Azərbaycanın ikinci şəhəridir. Bu şəhər məşhur və qədim ipək yolunda yerləşir. Ölkəmizin iqtisadi inkişafında Gəncənin rolu böyükdür.
Bu gün biz görürük ki, Gəncə və onun ətrafı gözəlləşir, yeni yollar salınır, binalar tikilir, abadlıq işləri gedir. Bir neçə vaxt bundan əvvəl yeni açılan aeroportla yanaşı, regionda həyata keçirilən yeniləşmə proqramları Azərbaycanın bu zonasının inkişaf etdirmək arzusunun olduğunu göstərir. Baksell üçün bu inkişaf prosessində iştirak böyük bir şərəfdir.
Önündə durduğumuz yeni xidmət mərkəzində abunəçilərin rahatlığını təmin etmək üçün 6 ədəd xidməti kassa və gözləmə yerləri mövcuddur. Burada 40-dan artıq işçi fəaliyyət göstərir. Xidmət mərkəzi gündə 500-ə yaxın abunəçiyə tam və yüksək keyfiyyətli xidmət göstərmək imkanına malikdir.”
Planlara gəldikdə, cənab Perks bildirdi ki, bu gün Baksell Xidmət Mərkəzini açmaqla şirkət regionda insanlara və biznes dairələrinə xidmət göstərilməsi səviyyəsində yeni bir eranın başlanmasını qeyd edir. Yaxın bir neçə ay ərzində hər kəs Baksell-in əhatə dairəsinin genişlənməsi və şəbəkə tutumunun artmasının şahidi olacaq. Bundan başqa 2007-ci il və gələcək illərdə də Baksell ölkə regionlarına sərmayələr qoymağa davam edəcək. Yeni texnologiyalar, məhsullar və xidmətlər əlverişli qiymətlərlə rabitə infrastrukturasının yeni texnolojı ipək yolu boyunca təqdim olunacaq. Bu da öz növbəsində Gəncə və ətraf rayonlarda yaşayan insanların həyatını dəyişəcək və inkişaf etdirəcək.
Şirkətin Əməliyyatlar üzrə Müdiri yaxın zamanlarda Sumqayıt, daha sonra Şəki-Zaqatala zonası və nəhayət Lənkaran-Astara zonasında da yeni xidmət mərkəzlərinin açılışı haqqında məlumat verdi.
«Baksell»-in Mətbuat Xidməti
|