Mançester Yunayted Yay Futbol Məktəbinin qalibləri Mançesterə yola düşürlər

06.12.2016

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri ilə görüş keçiriblər.

Bakı Olimpiya Stadionunda keçirilən görüşdə Bakıda təşkil olunmuş “Mançester Yunayted” Yay Futbol Məktəbində təlim zamanı ən yüksək nəticələr göstərən 5 gəncə Mançesterə səfər etmək hüququnu verən sertifikat təqdim edilib.

10-15 dekabr tarixləri arasında baş tutacaq İngiltərə səfəri zamanı gənc istedadlar “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləyəcəklər. Səfərlə əlaqəli xərclər Bakcell şirkəti tərəfindən qarşılanır.

“AFFA və Mançester Yunayted ilə birgə tərəfdaşlıq çərçivəsində hər il təşkil etdiyimiz Mançester Yunayted Yay Futbol Məktəbində uşaqlar üçün əlimizdən gələn şəraiti yaratmağa çalışırıq. Bu uşaqlar Azərbaycan futbolunun gələcəyi və hər birimizin fəxridir. Ümidvarıq ki, hər il olduğu kimi, bu il də Mançesterə səfər edən gənclər ilk öncə Azərbaycanı, daha sonra isə üzvləri olduğu futbol klubunu layiqincə təmsil edəcəklər. Bakcell, AFFA və “Mançester Yunayted” futbol klubu adından bu gənc, istedadlı futbolçularımıza uğurlar arzu edirik. ”, deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov: "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası artıq 4-cü ildir ki, Bakcell şirkəti ilə birgə "Mançester Yunayted” Yay Futbol Məktəbinin təşkilində əməkdaşlıq edir. "Mançester Yunayted” Yay Futbol Məktəbi ölkəmizdə uşaq futbolunun inkişafında və kütləvi futbolun təbliğində vacib rol oynayır. Bakıda təşkil olunan məşqlərdə fərqlənmiş uşaqlar İngiltərənin Mançester şəhərinə səfər etmək, Old Trafford stadionunda olmaq, "Mançester Yunayted" klubunun düşərgəsində bir müddət vaxt keçirmək imkanı əldə edir və bütün bunlar uşaqların futbola sevgisini artırmaqla yanaşı, yaddaşlarına silinməz xatirələr həkk edir. Bu layihənin uzun illər ərzində davam edəcəyinə ümid edir, Bakcell şirkətinin Azərbaycan futboluna göstərdiyi dəstəyi yüksək qiymətləndirir, əməkdaşlığımızın gələcəkdə də müsbət nəticələr verəcəyinə inanırıq".

Qeyd edək ki, bu ilin sentyabr ayında “Mançester Yunayted” Yay Futbol Məktəbində “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplanışında AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad iştirak edib. Təlim-məşq  toplantısının bütün iştirakçılarına “Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunub və ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə səfər etmək imkanına sahib olub.

Onu da qeyd etmək lazımdır ki, Bakı Olimpiya Stadionunda daimi fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində 98 uşaq futbol üzrə bilik və bacarıqlarını artırırlar. Onlardan 6 nəfər bu yay təşkil edilən Mançester Yunayted Yay Futbol Məktəbinin məzunlarıdır. Məktəbin “Manchester United Baku” komandası isə U-13 liqasında oynayır və layiqli nəticələr nümayiş etdirir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.