Save the Children
"Teatr vasitəsilə Sağlam Təşəbbüslər" (HIP) proqramı çərçivəsində məktəblərdə kukla tamaşaları vasitəsilə uşaqlarda tolerantlıq, müstəqil qərar qəbul etmə və məsuliyyətli davranış keyfiyyətləri aşılanır.

HIP Mərhələ I (Sentyabr 2009 - Sentyabr 2010) Bakı, Sumqayıt, Qaradağ və Şüvəlanda yerləşən 5 sınaq məktəbdə kukla tamaşaları təşkil edilmişdir. Proqramın təsirini daha da gücləndirmək məqsədilə, tamaşalarla yanaşı Bakının sınaq məktəblərinin və internatların müəllimləri üçün interaktiv dərs metodologiyası üzrə təlimlər təşkil edilmişdir. 2010-cu ilin aprel ayında Bakcell şirkəti Uşaqların Xilası təşkilatı ilə birlikdə Azərbaycan Dövlət Filarmoniyasında uşaqlar üçün böyuk bir tədbir keçirdi. Tədbirdən sonra Uşaqların Xilası təşkilatının layihəsinin davam etdirilməsinə dəstək olaraq Bakcell abunəçiləri arasında SMS Kampaniyası başlandı. 1155 qısa nömrəsindən gələn sms-ə cavab verməklə hər bir Bakcell abunəçisi kampaniyaya 1 AZN hədiyyə etmiş oldu və nəticədə 55,000 AZN məbləğində vəsait toplandı.

HIP Mərhələ II (Oktyabr 2010 - Dekabr 2011) – HIP I mərhələsinin müvəffəqiyyətləri və proqram iştirakçılarının, onların valideyinləri və müəllimlərin müsbət rəylərinə istinad edərək, Save the Children və Bakcell şirkəti proqramın əhatə dairəsini Azərbaycanın regionlarındakı məktəblərinə qədər genişləndirdilər. Save the Children-in kukla aktyorları Azərbaycanın 20 rayonuna (Quba, Qusar, Xaçmaz, Xudat, Dəvəçi, Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu, Göyçay, Şəki, Oğuz, Qax, Zaqatala, Bəlakən, Gəncə, Samux, Göy-göl, Mingəçevir, Yevlax) səyahət edərək, məktəblilərə tolerantlıq, əməkdaşlıq, sağlam həyat, problemlərin həll edilməsi, effektiv ünsiyyət, faydalı vətəndaşlıq, müstəqil qərar qəbul etmə və həyat bacarıqları kimi mövzularda maarifləndirici tamaşalar nümayiş etdirib, eləcə də seçilmiş müəllim qrupları ilə uşaqların ifasında maarifləndirici tamaşaların səhnələşdirilməsi üçün müvafiq iş aparıblar.
Uşaqların Xilası təşkilatı 120-dən artıq ölkədə uşaqların hüqüqlarının qorunması və həyat səviyyələrinin inkişafı ilə məşğul olur. Təşkilat 1993-cü ildən bəri Azərbaycanda 1 millyondan artıq uşaq və onların valideynlərinə müsbət təsir göstərmiş təhsil, səhiyyə, qida, uşaq müdafiəsi, iqtisadi imkanlar və humanitar yardım kimi müxtəlif sahəli proqramlar həyata keçirir.




