Aysu İbrahimli

“Smart Start” proqramına qəbul elan olunduğu ərəfədə diplom müdafiəsinə hazırlaşırdım. İmtahanlardan sonra çox yorğun olduğumdan bir müddət dincəlmək qərarına gəlmişdim. Amma, bu şansı qaçırmamaq üçün istirahətdən imtina etdim və proqramda iştirak etmək üçün müraciət etdim. Bütün mərhələləri uğurla keçdikdən sonra İnsan Resursları Departamentində təcrübəyə başladım. İki ay müddətində böyük şirkətdə işləmək şansına sahib olaraq universitetdə öyrəndiklərimi təcrübədən keçirdim. Nəticədə ilk öncə, İnsan Resursları sahəsində təcrübə qazandım və bununla yanaşı böyük kollektivdə işləməklə bacarıqlarımı inkişaf etdirdim.

İlk günlərdə iş həcmi gözümə çox görünsə də növbəti həftələrdə buna öyrəşdim.

Təcrübədən öncə İnsan Resursları Departamentində işləmək deyəndə ağlıma soyuq- quru, gündəlik kağız işlərindən ibarət iş gəlirdi. Amma bura gəldikdən sonra olduqca rəngarəng bir kollektivlə qarşılaşdım. İşin axıcı və maraqlı olması üçün komandanın hər bir üzvü çalışırdı, özünə və digər komanda yoldaşlarına da motivasiya verirdi.

Təcrübə müddətini daha gözəl edən amillərdən biri də yeni və çox gözəl insanlar tanımaq, yeni dostlar qazanmaq və çevrəni genişləndirməkdir. Düşünürəm ki, Bakcell şirkətində bu iki aylıq təcrübə iş həyatıma öz töfhəsini verməklə yanaşı işdənkənar mühitdə də insanlarla münasibətdə öz müsbət əksini tapacaq.