Leyla Pənahian

Hal-hazırda Qafqaz Universtitetinin tələbəsiyəm. Təhsil aldığım istiqamət İnformasiya Texnologiyaların və Sistemlərin mühəndisliyidir. Mən Bakcell şirkətinin Maliyyə departamentinin Müəssisə Resurslarının Planlaşdırılması şöbəsində 2 ay ərzində təcrübə keçmişəm. Bu müddət ərzində müxtəlif işlərlə məşğul oldum. Dəstək bölməsində istifadəçilərin problemlərlə üzləşdiyi zaman həmin problemlərin necə həll olunduğunu öyrəndim və proqramçı kimi şirkətin 2 hesabatını hazırladım.

Təcrübənin əvvəlində mənə Oracle E-business Suite-nin əsaslarını öyrənmək üçün material verilmişdi. Bu material maliyyə departamentində baş verən prosessləri və ümumi anlayışları bilmək üçün vacib idi. Həmin materialı öyrəndikdən sonra təcrübə rəhbərim mənə şöbənin hesabatını etibar etdi. Burada mən universitetdə keçdiyim SQL proqramlaşdırma dilindən istifadə etməklə proqram kodunu yazdım və həmin kodu sistemə yükləyib nəticə əldə etdim. Nəzəri biliyi praktikada tətbiq etmək çox maraqlıdır.Onu da qeyd edim ki, təcrübə zamanı üzləşdiyim çətinlik və problemləri həll etmək üçün Müəssisə Resurslarının Planlaşdırılması şöbəsinin kollektivi mənə çox dəstək olub.

Daha sonra mənə verilənlər bazasının idarə edilməsini öyrətdilər. Bunun üçün də mənə müvafiq material verilmişdi. Verilənlər bazasının idarə edilməsi çox maraqlı sahədir. Bu günə qədər İT sahəsində heç bir istiqamət məndə belə maraq oyatmamışdı. Artıq 3-cü kursu bitirmişəm və təcrübə proqramından əvvəl öz sahəmdə dəqiq hansı istiqaməti seçməyimə hələ qərar verməmişdim. Düşünürdüm ki İT-də mənə maraqlı olan sahə yoxdur. Lakin verilənlər bazasının idarə edilməsinin əsaslarını oxuyandan sonra yanıldığımı aşkar etdimvə mən artıq univeristeti bitirdikdə hansı sahədə işləmək istədiyimi bilirəm. Bu mənim üçün çox vacibdir. Çünki insan sevdiyi və maraqlandığı işlə məşğul olanda işi daha keyfiyyətli görür və işə həvəslə gəlir.

Bakcell şirkətinin “Smart Start” Təcrübə proqramında iştirak etməklə çox şad oldum. Proqram sayəsində mənim özümə güvən hissim daha da artıb. Artıq bilirəm ki mən öz sahəmdə bəzi işləri bacarıram. Həmçinin, böyük telekommunikasiya şirkətində işləmək mənim arzumdur. Çünki ixtisasım üzrə gələcəkdə işləmək üçün ən yaxşı sahədir. Heç düşünməzdim ki, mən bir gün belə şirkətin təcrübə proqramına düşə bilərəm.

Onu da vurğulayım ki, Bakcell şirkətinin çox yaxşı kollektivi var. Bir-birinə dəstək olan, şən və gülərüz. Təcrübəçilərə qarşı çox diqqətli idilər.Təcrübə müddətinin cəmi 2 ay olmağına çox təəssüfləndim.

Təcrübə proqramının digər iştirakçılarla da tanış olduğuma çox şad oldum. Biz bir neçə dəfə təşkil olunmuş görüşlərdə iştirak etdik və bir-birimizin işi necə olduğunu öyrəndik. Bu çox maraqlı idi çünki iştirakçılar müxtəlif departamentlərdə təcrübə keçirdi. Həmçinin, mənim kimi digər universitetlərdə müxtəlif sahələrdə təhsil alan gənclərlə ünsiyyət qurdum.

“Smart Start” proqramının təşkil edilməsi üçün Bakcell şirkətinə minnətdaram.