Məmməd Rəhim Həsənli

Artıq 3-cü kursu bitirmişdim. Geridə qalan digər tətillərdən fərqli olaraq tanınmış bir şirkətdə təcrübə keçib həm düzgün bir iş həyatı ilə tanış olmaq, həm də yeni biliklərə yiyələnmək istəyirdim. Elə bu vaxtlarda qarşıma çıxan Bakcell-in tələbə təcrübə proqramı mənim üçün bir şans oldu. Bu fürsəti əldən verə bilməzdim. Müraciət etdim və bir təcrübəçi kimi Bakcell-ə qəbul olundum. Sevincimin həddi hüdudu yox idi. İlk iş günü bir az həyəcanlı idim. İlk həftəm işləyəcəyim departamentin əməkdaşları ilə tanışlıq və görəcəyim iş ilə bağlı müxtəlif vəsaitləri oxumaqla keçdi. Bir həftə sonra artıq həm şirkətin strukturu ilə tanış idim, həm də daxili departamentlərin bir- birindən necə asılı olduğunu başa düşürdüm. Sonrakı həftələrdə isə illərlə bu sahədə təcrübəsi olan iş yoldaşlarımın dəstəyi ilə şirkətin istifadə etdiyi Oracle proqramını öyrənməyə başladım. Oracle istifadəçiləri tərəfindən departamentimizə tez- tez müraciətlər daxil olurdu. Öyəndiklərimi tətbiq etmə zamanı idi və mən bir çox sorğuya müstəqil şəkildə cavab verə bilirdim. Həftələr keçdikcə və müxtəlif sorğulara cavab verdikcə bir çox yeniliklər öyrəndim. Proqramın sonunda burada təcrübə keçməyimin üstünlükləri açıq aşkar görsənirdi. Özümdə böyük bir inkişaf hiss etdim. Bu inkişafa görə təcrübəçilər üçün mükəmməl şərait yaradan və biliklərini bizimlə bölüşən şirkət əməkdaşlarına təşəkkür edirəm. Bakcell- də yeniliklər öyrənməklə yanaşı yeni dostlar da qazandım. Digər təcrübəçilər, şirkət işçiləri ilə birlikdə artıq bir ailə idik və mən bu Bakcell ailəsinin bir üzvü olduğum üçün xoşbəxt idim. Çox şadam ki, bu yayı əvvəlkilərdən fərqli olaraq daha faydalı keçirdim.