Nurcahan Cəbrayılova

Uzun zaman idi ki, yay tətilimi səmərəli keçirmək üçün münasib təcrübə proqramı axtarırdım. Lakin mövcüd proqramlardan istəyimə uyğun olanı tapa bilmirdim. Bakcell-in “Smart Start” təcrübə proqramı barədə məlumatı əldə etdikdə fikirləşdim- “axırki istədiyimi tapdım”. Asan olmayan seçim mərhələlərindən sonra seçilmiş 22 təcrübəçi siyahısında öz adımı gördükdə çox sevindim.

İlk gün həyəcanlı idim. Məni tam olaraq nələrin gözlədiyini bilmirdim. İki gün ərzində Bakcell və iş prinsipləri haqqında məlumat verildi, lazımi təlimlər keçirildi. Elə ilk gündən uşaqlarla qaynayıb qarışmağa başladıq. Özümə yeni dostlar qazandım. Müştəri Xidmətləri şöbəsinə yönləndirilən təcrübəçilərə üç günlük ayrıca təlim keçirildi. Mentorumuz Pərvanə xanım bizə Bakcell və onun məhsulları haqqında ətraflı məlumat verdi, Müştəri Xidmətlərinin iş prinsipini izah etdi və təlimlərdən sonra yekun test keçirildi. Bu testdən də uğurla keçdikdən sonra biz Müştəri Xidmətləri ofislərinə yönləndirildik. Mən Sarayevo küçəsində yerləşən ofisə təyin olundum və burada olduqca səmimi, mehriban və mükəmməl kollektivlə tanış oldum. İlk olaraq Validə xanım məni çox gözək şəkildə qarşıladı və görəcəyim işlər barədə mənə geniş məlumat verdi, ofisi və işçiləri mənə tanıtdı. Demək olar ki, bir həfdə ərzində ofisə gələn abunəçiləri qarşılayır və onların suallarını cavablandırırdım. İşimi sevirdim. Lakin digər işçilər kimi, mən də kompüter arxasında əyləşib abunəçilərə xidmət etmək istəyirdim. Nəhayət zaman yetişdi və mənə mobil telefonların İMEİ qeydiyyatının aparılması işi tapşırıldı. Çox sevindim. Çünki ünsiyyətdə olmağı sevirəm.

Müştəri Xidmətlərinin digər şöbələrdən əsəs fərqi odur ki, burada çoxlu sayda abunəçilərlə üz- üzə gəlirsən və iş vaxtı olduqca maraqlı keçir. Müxtəlif xasiyyətli abunəçilər bizə müraciət edirdi: sakit, əsəbi, səbirli, səbirsiz. Bizim isə işimiz onların hamısını səbirlə dinləyib onlara yardım etmək idi. Ən əsası isə, abunəçilər bizdən razı qaldanda sanki bütün günün yorğunluğunu unudurduq.

Tələbələr üçün bu cür gözəl şərait yaratdığına görə Bakcell şirkətinə təşəkkür edir və layihələrinin davamlı olmasını arzu edirəm.