Sara Ələkbərli

Tədris ili bitdikdən sonra bu yayı maraqlı keçirmək üçün məşğuliyyət axtarışında idim. Müxtəlif təlimlər, təcrübə proqramları və iş yerləri ilə maraqlanırdım. “Smart Start” təcrübə proqramı təsadüfən qarşıma çıxdıqda məndə xoş gözləntilər yarandı.

Proqrama müraciət etdikdən sonra seçimlərdən müvəffəqiyyətlə keçdim və Bakcell şirkətinin Məlumat Mərkəzində agent vəzifəsinə təcrübəçi təyin olundum. Təcrübədən əvvəl bizə müxtəlif təlimlərə keçirildi və bu görüşlər mənə çox müsbət psixoloji təsir bağışladı.

Təlimlər ciddi, məsuliyyətli, düşündürücü, məntiqi olmaqla yanaşı çox əyləncəli və maraqlı idi. İş gününün necə bitdiyi hiss olunmurdu və hər gün daha böyük həvəslə təcrübəmizə gəlirdik. Hər gün sorğu-sual keçirilir və yeni mövzular izah edilirdi.

Bəzən sorğuları müxtəlif oyunlar vasitəsi ilə keçirirdik və təbii ki, bu bizdə işimizə daha böyük həvəs oyadırdı.

Komandanın üzvləri ilə tanış olurduq və hamı bizimlə mehriban davranır, bilik və təcrübəsini bölüşməyə çalışırdılar.

Beləliklə, biz məlumat mərkəzi agentləri ilə birgə oturaraq mərkəzə daxil olan zənglərə qulaq asmağa başladıq. Təcrübə əsasında müxtəlif biliklərindən əlavə, səbirli olmağı, düzgün kömək göstərməyi öyrənirdik.

Hazır olduğumuza əmin olduqdan sonra bizi sərbəst işləməyə buraxdılar. Təbii ki, agentlərin köməyi ilə biz zənglərə cavab verməyə, abunəçilərə kömək göstərməyə başladıq. Bu çox maraqlı idi.

Çox böyük təəssüf hissi ilə proqramın sonuna gəldik. Şirkətdən ayrılmaq istəmirdik. Bu gözəl keçirdiyim 2 ay üçün bizim üzərimizdə əməyi olan bütün Bakcell işçilərinə təşəkkürümü bildirirəm! Mən bu təcrübə proqramından bilik və təcrübədən əlavə çox gözəl dostlar əldə etdim!