Sosial Xidmətlər Təşəbbüsü (SSI)

2010-cu ilin noyabr ayında Bakcell Stars çərçivəsində yeni bir layihəyə start verilib. “İnkişaf və İştirak üçün İdman” adlanan bu layihənin icraçısı Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyidir. “İnkişaf və İştirak üçün İdman” layihəsinin əsas məqsədi internat məktəblərində yaşayan eşitmə qüsurlu uşaqların həyatını idman və oyunlar vasitəsilə dəyişməkdir. Layihə Bakı şəhərinin 1 və 3 saylı xüsusi təyinatlı internat məktəblərində 500 nəfərdən artıq 8-17 yaşlı eşitmə qüsurlu uşağı əhatə edəcək. Bu məqsədlə hər iki məktəbdən seçilmiş 30 nəfər fiziki tərbiyə müəlliminə idman və oyunlar üzrə silsilə təlimlər keçiriləcək. “Təlimlər başa çatdıqdan sonra müəllimlər uşaqlar üçün Şən, Təhlükəsiz və İnklusiv oyunlar təşkil edəcəklər, bu da öz növbəsində idman və oyunların hamı üçün, eləcə də xüsusi ehtiyaclı uşaqlar üçün əhəmiyyətini təbliğ edəcək.

Bakcell hər bir uşağın istedadlı olduğuna inanır. Biz əlilliyi olan uşaqlar üçün müxtəlif idman fəaliyyətləri təşkil etməklə, onların özlərini cəmiyyətin faydalı üzvləri hiss etməsinə yardım etməkdən məmnunluq duyuruq.Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyi (SXT) 2008-ci ildə Azərbaycanda əqli qüsuru olan uşaqlar üçün xidmət modellərinin yaradılması və uşaqları müdafiə sistemində onların maraq və ehtiyaclarına uyğun islahatlar aparmaqda hökumətin siyasətinə dəstək göstərilməsi məqsədilə yaradılıb. SXT fəaliyyətinin əsas prinsipləri inteqrasiya, müxtəliflik, bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və insan hüquqlarına hörmətdir.