2010-cu ilin sentyabrında Junior Achievement Azərbaycan təşkilatı Bakcell şirkətinin sponsorluğu və Alcatel-Lucent Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramının ikinci mərhələsinə başladı. İki il müddətini əhatə edəcək proqram çərçivəsində 90 ali məktəb tələbəsi işə hazırlıq və biznes etikası üzrə təlim alacaq, mobil telekommunikasiya sektoruna dair silsilə təlimlərdə iştirak edəcək və əldə etdikləri bilikləri Bakcell və Alcatel-Lucent şirkətlərində peşəkar istiqamətləndirmə vasitəsilə təcrübə kursunda tətbiq edəcəklər.
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramının yeni mərhələsi 2012-ci ilin avqust ayınadək davam edəcək. Tələbələr üçün nəzərdə tutulmuş fəaliyyətlərlə yanaşı, proqram çərçivəsində mobil telekommunikasiya şirkəti üçün xüsusu tərtib olunmuş işə hazırlıq və təcrübə proqramı hazırlanacaq.
Bakcell ilə Junior Achievement Azərbaycan təşkilatı əməkdaşlığa 2009-cu ildə başlamışdır. Pilot proqram çərçivəsində 54 tələbə iştirak etmişdir. Əməkdaşlığın nəticəsində ölkədə ilk dəfə olaraq mobil telekommunikasiya biznesinə dair təlim kursu hazırlanmış və Azərbaycan və ingilis dillərində dərc edilmişdir.
Junior Achievement Azərbaycan (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. Azərbaycanda 2000-ci ildən fəaliyyətə başlayan Junior Achievement ictimai və fərdi donorların dəstəyilə ölkənin 28 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçmişdir. Junior Achievement Azərbaycan onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında öz gələcək rollarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir.
Bakcell-in xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.