Azərbaycanın aparıcı mobil operatorlarından olan Bakcell şirkəti ölkənin texniki universitetlərinin tələbələrinə dəstək məqsədilə yeni təşəbbüsə imza atır. Bu təşəbbüsün bir hissəsi olaraq, Bakcell müxtəlif universitetlərin tələbələrinə şirkətdə təcrübə keçmək imkanı yaradacaq. Bu proqram, tələbələrə şirkətlə və ümumiyyətlə, telekommunikasiya sənayesi ilə tanış olmağa imkan verəcək.
Bu məqsədlə Bakcell şirkəti Junior Achievements Azerbaijan (JAA) ilə razılaşma imzaladı. Junior Achievements - gənclərə işə hazırlığı və sahibkarliğı öyrədən dünyanın nüfuzlu təşkilatlarından biridir. Bakcell və JAA müştərək olaraq, tələbələr üçün nəzərdə tutulmuş “Mobil Telekom sənayesi ilə tanışlıq” adlı tədris materialı hazırlayacaqlar. Təlim proqram çərçivəsində daha çox uğur qazanmış tələbələr, sonradan Bakcell-də bir müddət təcrübə keçəcək və şirkətin müxtəlif sahələri ilə tanış olmaq imkanı əldə edəcəklər. Bakcell-in baş ofisində baş tutmuş imzalanma mərasimində şirkətin baş direktoru xanım İneke Botter deyib:
“Biz inanırıq ki, bu günün tələbələri Azərbaycanın gələcəyidir. Biz bu gələcəyə yatırım edirik. Bununla da biz azərbaycanlı tələbələrə müasir dünyanın ən cəlbedici sənaye sahəsi ilə tanış olmağa və bu sahədə mövcud olan iş imkanlarını dərk etməyə kömək edirik”.
JAA təşkilatının icraçı direktoru Vüsal Xanlarov isə oz növbəsində bildirib:
“İlk dəfə olaraq gənclərə mobil telekommunikasiya sektorunun müxtəlif sahələrini öyrənmək məqsədi ilə imkan yaradılır. Biz doğrudan da şox şadıq ki, Bakcell gənclərə bu şansı verməyə və “Mobil Telekom sənayesi ilə tanışlıq” adlı tədris materialını birgə işləyib hazırlamağa razılıq verdi”.