Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti cənab Riçard Şirerin Bakcell-in baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edir.
Riçard Şirer dünyanın bir sıra rəqabətli bazarlarında aparıcı telekommunikasiya şirkətlərinin fəaliyyətlərinin idarə edilməsində böyük təcrübəyə malikdir. O, əsasən simsiz rabitə xidməti sahəsində telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Cənab Şirer əvvəllər Malayziyada DiGi Telecom şirkətinin, eləcə də Bolqarıstanda Empower Interactive Group Ltd və BTC Mobile EOOD (Vivatel) şirkətinin baş icraçı direktoru vəzifələrində çalışıb. O, həmçinin Böyük Britanıyanın T-Mobile şirkətində kommersiya direktoru vəzifəsini icra edib və Mərkəzi və Şərqi Avropanın ən böyük telekommunikasiya şirkəti sayılan Telkomunikacja Polska SA-da İdarə Heyətinin üzvü olub.
Öz yeni təyinatına münasibət bildirən cənab Şirer bunları qeyd edib: “Azərbaycanın telekommunikasiya xidmətləri bazarında aparıcı mövqedə duran Bakcell şirkətinə gəlişim mənim üçün böyük şərəfdir. Mənim əsas vəzifələrimdən biri şirkətin bu günə qədər qazandığı uğurlara söykənərək abunəçi bazamızı genişləndirmək olacaq. Bakcell öz müştərilərini daha yaxşı xidmətlər və daha sərfəli qiymətlərlə sevindirməkdə davam edəcək. Bakcell-in yüksək keyfiyyətli şəbəkəsi Azərbaycanın bugünkü mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün daha innovativ məhsul və xidmətləri ortaya çıxarmasının möhkəm təməlini təşkil edir. Mən şirkətdə fəaliyyətə başlamaqdan və biznes tərəfdaşlarımız ilə birgə çalışmaqdan çox məmnunam“.
Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş iri miqyaslı investisiyalar sayəsində hazırda Bakcell əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir. Şirkətin abunəçilərin sayı 2.5 milyona çatıb. Azərbaycanda mobil rabitə operatorları arasında Bakcell-in göstərdiyi xidmətlərə üstünlük verən müştərilərin sayı getdikcə artır.
Bakcell şirkəti və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirikwww.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.