Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin baş sponsorluğu ilə həyata keçirilən və müasir Azərbaycan ədəbiyyatının ən nüfuzlu layihəsi sayılan Milli Kitab Mükafatının (MKM) 2013-cü il üzrə qalibləri elan olundu.
2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilən və qısa müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğuran Milli Kitab Mükafatının məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, yeni ədəbi əsərlərin üzə çıxarılması və ədəbi yaradıcılığın stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsidir. 28 avqust 2012-ci il tarixində başlayan müsabiqəyə ümumilikdə 241 əsər daxil olub. Onlardan 175-i nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıldır. Müsabiqədə 164 nəfər kişi, 77 qadın müəllif öz əsərini təqdim edib. Ən gənc yazarın 7, ən yaşlı yazarın isə 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarların üstünlük təşkil etdiyi əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya və Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər.
15 mart 2013-cü il tarixində Ekspert Şurasının üzvlərinin rəyləri əsasında formalaşan 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) Münsiflər Heyətinə təqdim olunub. Azərbaycanın tanınmış şəxsiyyətləri, ziyalı və ədəbiyyatşünaslarından ibarət Münsifər Heyəti iyunun 5-də Park İnn Otelində keçirilən tədbirdə mükafatın qaliblərini elan ediblər:
1-ci yerin qalibi Zakir Sadatlı 3000 AZN
2-ci yerin qalibi Pərvin Nurəliyeva 2000 AZN
3-cü yerin qalibi Malik Dursunov 1000 AZN
Bundan əlavə, ən yaxşı uşaq nağılının müəllifi seçilən Əfsanə Laçın 300 manat, ən yaxşı gənc yazar Şəhriyar Del Gerani 300 manat və ən yaxşı şeirə görə Qəşəm Nəcəfzadə 300 manat məbləğində mükafatla təltif olunub.
MKM 2013 həm də yeniliklə yadda qalacaq. Belə ki, bu il qalib əsərlər ənənəvi kitab formatından əlavə, həm də elektron kitab formasında çap olunaraq bütün elektron və mobil cihazlar vasitəsilə oxuna biləcək.
Mükafatlandırma mərasimində iştirak Bakcell şirkətinin Baş İcraçı Direktoru Riçard Şirer Bakcell-in Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına dəstək göstərdiyini və bu sahədə ən vacib təşəbbüslərdən biri olan Milli Kitab Mükafatını yüksək qiymətləndirdiklərini bildirib: “Bakcell Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına böyük diqqətlə yanaşır. Ötən il MKM-nin nəticələri elan olunanda biz bildirmişdik ki, gələn ildən etibarən əsərlər elekton kitab formasında çap olunacaq. Texnologiyaların sürətlə inkişaf etdiyi bir vaxtda ədəbi əsərlərin oxuculara məhz bu şəkildə təqdim olunması oxucu kütləsinin artması, bədii sərlərin daha geniş kütləyə təqdim olunması baxımından çox əhəmiyyətlidir. Bu, Azərbaycanda bir yenilikdir və Bakcell bu işi ilk olaraq həyata keçirməkdən məmnunluq duyur.
MKM-nin təsisçisi Nigar Köçərli Bakcell şirkətinə ilk ən böyük ədəbiyyat mükafatına dəstək verdiyi üçün təşəkkür edib və qalib əsərlərin ilk dəfə olaraq elektron kitab formatında işıq üzü görməsində Bakcell-in rolunu xüsusi vurğulayıb.
Layihə ilə bağlı ətraflı məlumatı Bakcell-in internet və facebook səhifələrindən www.bakcell.com www.facebook.com/bakcell, eləcə də www.mkm.az və www.alinino.az səhifəsindən əldə edə bilərsiniz.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.