Abunə müqaviləsi

Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq telekommunikasiya xidmətləri göstərən “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “Bakcell”), digər tərəfdən________________________ (bundan sonra - “Abunəçi”) hazırkı Abunə Müqaviləsini (bundan sonra - “Müqavilə”) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aşağıdakı şərtlərlə bağladılar.

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Müqavilə aşağıdakı termin və anlayışlar vasitəsilə “Bakcell”in şəbəkəsində telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı Abunəçi və “Bakcell” arasında yaranan müvafiq münasibətləri tənzimləyir:

1.1.1. Abunəçi - bu Müqaviləni bağlayan hər hansı fiziki şəxs (Azərbaycan Respublikasının vətəndaşı, xarici vətəndaş, vətəndaşlığı olmayan şəxs);

1.1.2. Tariflər (Tarif)- "Bakcell" tərəfindən Abunəçiyə göstərilən Telekommunikasiya xidmətləri üzrə xidmət haqqını, istifadə müddəti və xidmətlərin göstərilməsinə dair digər şərtləri əks etdirən, “Bakcell”in www.bakcell.com ünvanlı rəsmi internet səhifəsində yerləşdirilən (“Bakcell” tərəfindən təklif edilən hər bir tarif paketi üzrə ayrı-ayrılıqda), Müqavilənin 3.9-cu bəndinə uyğun olaraq, "Bakcell" tərəfindən birtərəfli qaydada dəyişdirilə bilən və bu Müqavilənin ayrılmaz hissəsi hesab edilən qiymət cədvəlləri (dərəcələri);

1.1.3. Hesab-faktura – Abunəçinin istifadəsində olan mobil nömrəsində müvafiq Tarif üzrə hesablanmış xidmət, danışıq və abunə haqlarını əks etdirən müvafiq maliyyə sənədi;

1.1.4. Telekommunikasiya xidmətləri - Abunəçinin son avadanlığı “Bakcell”in telekommunikasiya şəbəkəsinin bütün son nöqtələri çərçivəsində sərbəst hərəkət edərək mobil stansiyanın məxsusiləşdirmə kodunu saxlamaqla və radiotexnologiyaları tətbiq etməklə, "Bakcell" tərəfindən göstərilən telekommunikasiya xidmətləri;

1.1.5. SİM-kart - "Bakcell"in telekommunikasiya şəbəkəsində işləməsi üçün Abunəçi tərəfindən istifadəsində olan rabitə cihazına quraşdırılan və həmin Abunəçi barədə məlumatı, rabitə cihazının təhlükəsizlik məlumatını və fərdi telefon kitabçası məlumatını daşıyan, habelə həmin rabitə cihazı və "Bakcell"in telekommunikasiya şəbəkəsinin digər komponentləri arasında rabitəni təmin edən Abunəçinin eyniləşdirmə modulu;

1.1.6. “Rəqəmsal SİM kart (e-SİM)” – fiziki SİM kartdan istifadə etmədən “Bakcell”in mobil rabitə xidmətlərini aktivləşdirməyə və onlardan istifadə etməyə imkan verən rəqəmsal SİM kart;

1.1.7. Mobil Nömrə - telekommunikasiya xidmətlərindən istifadə etmək üçün “Bakcell” tərəfindən təqdim olunan eyniləşdirmə mobil nömrəsidir. Abunəçiyə verilən Mobil Nömrə yalnız həmin Abunəçi tərəfindən istifadə oluna bilər. Mobil Nömrə "Bakcell"ə məxsusdur və Abunəçiyə yalnız müvəqqəti istifadə üçün, yəni bu Müqavilənin şərtlərinə əsasən "Bakcell"in Telekommunikasiya xidmətlərinə qoşulma vasitəsi kimi təqdim edilir;

1.1.8. Telekommunikasiya şəbəkəsi - Bakcell tərəfindən telekommunikasiya xidmətlərinin təmin edilməsi üçün istifadə olunan rabitə sistemləri, qəbuledici və ötürücü qurğular, tezliklər və digər vasitələrin cəmi;

1.1.9. İstifadə Siyasəti – “Bakcell” tərəfindən birtərəfli qaydada müəyyən edilən və vaxtaşırı dəyişdirilə bilən, cihazların və telekommunikasiya şəbəkəsinin istismarı ilə bağlı olan, həmçinin konkret xidmət və ya bir neçə xidmətlər məcmusunu özündə əks etdirən Abunəçiyə aid olan qaydalar;

1.1.10. Nömrə daşınması – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən Qaydalara uyğun olaraq, ümum istifadəli telekommunikasiya şəbəkəsi daxilində Abunəçinin istifadə etdiyi mobil nömrənin (nömrə saxlamaq şərti ilə) həmin Abunəçiyə telekommunikasiya xidməti göstərən mobil operatorun telekommunikasiya şəbəkəsindən çıxarılmaq, digər mobil operatorun telekommunikasiya şəbəkəsinə daşınması (keçirilməsi).

2. MÜQAVİLƏNİN MÖVZUSU

2.1. Bu Müqavilə üzrə “Bakcell” Abunəçini Mobil Nömrə ilə təmin etməklə müvafiq Telekommunikasiya xidmətlərini göstərir, Abunəçi isə bu Müqaviləyə və Tariflərə uyğun olaraq göstərilən xidmətlərə görə müvafiq ödənişləri həyata keçirir.

2.2. Bu Müqavilənin şərtləri həm fakturalı (dəyəri sonradan ödənilməli olan Telekommunikasiya xidmətləri), həm də fakturasız (dəyəri əvvəlcədən ödənilməli olan Telekommunikasiya xidmətləri) tarif paketlərinin xüsusiyyətlərinə müvafiq olaraq tətbiq edilir.

ÖDƏNİŞ ŞƏRTLƏRİ

3.1. “Bakcell” ilə Abunəçi arasında bütün hesablaşmalar (ödənişlər) Azərbaycan Respublikasının milli valyutası – Azərbaycan manatı ilə həyata keçirilir.

3.2. Abunəçiyə təqdim edilən SİM-kartdan/e-SİM-kartdan istifadə etmək üçün “Abunəçi” “Bakcell” tərəfindən təqdim edilən müvafiq Tarifi seçməlidir.

3.3. Abunəçi seçilmiş Tarifin şərtlərinə uyğun olaraq Telekommunikasiya xidmətlərinin qiymətini və abunə haqqını əvvəlcədən və yaxud sonradan ödəyə bilər.

3.4. Abunəçi əvvəlcədən ödəməli olan Tarif üzrə Telekommunikasiya xidmətlərinin qiymətini və abunə haqqını Mobil Nömrənin balansına yükləyərək həmin Tarifdən istifadə edə bilər.

3.5. Hesab-faktura üzrə ödənişlər:

3.5.1. Abunəçi sonradan ödəməli olan Tarif üzrə “Bakcell” tərəfindən göstərilmiş telekommunikasiya xidmətlərinə dair ödənişini, “Bakcell” tərəfindən hazırlanmış hesab-faktura əsasında ödəməlidir. Hesab-fakturada göstərilən məbləğin ödənilməməsi, bu Müqavilənin müddəalarının pozulması kimi qəbul edilir.

3.5.2. Hesab-faktura “Bakcell” tərəfindən müəyyən edilən formada tərtib edilir və müvafiq hesablaşma dövrü ərzində göstərilən, lakin hesab-fakturaya daxil edilməyən xidmətlər növbəti hesablaşma dövrü üzrə təqdim edilən hesab-fakturada öz əksini tapmalıdır.

3.5.3. Göstərilən telekommunikasiya xidmətləri üçün hesab-faktura Abunəçiyə həmişə SMS vasitəsilə, həmçinin, Abunəçinin və Abunəçinin səlahiyyətli nümayəndəsinin istəyinə görə, onların ünvanına və yaxud elektron poçt ünvanına göndərilir. Abunəçinin ünvanına göndərilən bütün hesab-fakturalar Abunəçinin şəxsən özünə təqdim edilmiş sayılır. “Bakcell”dən asılı olmayan səbəblərə görə hesab-fakturanın Abunəçiyə çatdırılmaması Abunəçi tərəfindən həmin hesab-fakturanın ödənilməməsinə səbəb ola bilməz və belə çatdırılmamaya görə “Bakcell” məsuliyyət daşımır.

3.6. Ödənişlər “Bakcell”in müvafiq ödəmə məntəqələrində və ödəmə vasitələri (o cümlədən, bank, poçt, ATM bank avtomatları, ödəmə kartları, elektron ödəmə terminalları və sair) ilə həyata keçirilir. Ödəniş nağd pul təhvil verildiyi və ya bank köçürməsi yolu ilə ödənilən pul “Bakcell”in hesabına daxil olduğu zaman həyata keçirilmiş hesab edilir. “Bakcell” ödəməni qəbul edən üçüncü şəxslər vasitəsi ilə ödəmə məlumatlarının hər hansı səbəblərdən gecikdirilməsinə görə məsuliyyət daşımır.

3.7. Ödəmə kartından istifadə müddəti hər yükləmə zamanı təzələnir və yeni məbləğ qalıq məbləğə əlavə olunur. Bu bəndin şərtləri Fakturalı Paket və “Travel Sim” adlı Tarif Paketlərinə şamil olunmur.

3.8. Abunəçi bir Tarifdən başqa Tarifə keçdikdə, Abunəçi və “Bakcell” arasındakı münasibətlərə sonuncu Tarifin şərtləri şamil olunur.

3.9. Tərəflər razılaşırlar ki, “Bakcell”in Telekommunikasiya xidmətlərinin qiymətləri Tariflərə uyğun müəyyən edilir. Tariflər və ya onun şərtləri “Bakcell” tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 10 (on) təqvim günü əvvəlcədən kütləvi informasiya vasitələri (“KİV”) və (və ya) “Bakcell” in rəsmi internet saytı (www.bakcell.com) və (və ya) SMS bildiriş vasitəsilə xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər.

3.10. Telekommunikasiya xidmətlərinin dəyərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən əlavə dəyər vergisi (ƏDV) daxildir.

4. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

4.1. “Bakcell”:

4.1.1. Bu Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq Mobil Nömrə ilə Abunəçini təmin etmək və Abunəçini “Bakcell”in telekommunikasiya şəbəkəsinə qoşur.

4.1.2. Abunəçinin müraciəti əsasında ona təqdim olunan Telekommunikasiya xidmətləri, Telekommunikasiya xidmətlərinin şərtləri və tarifləri barədə və onlardan istifadə qaydaları haqqında müvafiq məlumatları verir.

4.1.3. Bu Müqavilədə və onunla bağlı Telekommunikasiya xidmətlərinin şərtlərində və Tariflərdə baş verən dəyişikliklər barəsində bu Müqavilədə müəyyən edilmiş qaydada Abunəçiyə əvvəlcədən məlumat verir.

4.1.4. Bu Müqavilədə nəzərdə tutulan hallarda Abunəçini “Bakcell”in telekommunikasiya şəbəkəsindən ayırmaqla Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir.

4.1.5. Abunəçinin yazılı müraciətinə əsasən onun “Bakcell”in telekommunikasiya şəbəkəsindən istifadəsini dayandırır.

4.1.6. Müqavilənin 7.6.4-cü bəndində nəzərdə tutulmuş hal baş verdikdə, bu Müqaviləyə xitam verərək Mobil Nömrəni Abunəçidən geri almaq və başqa şəxsin istifadəsinə vermək hüququna malikdir. Bu zaman “Bakcell” Abunəçiyə müvafiq bildiriş göndərməli deyil. “Bakcell” və Abunəçi razılaşır ki, 7.6.4-cü bənddə müəyyən edilən müddət bu Müqavilədə nəzərdə tutulan qaydada “Bakcell” tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Bu bəndin şərtləri “Travel Sim” adlı Tarifə şamil olunmur.

4.1.7. İstənilən vaxt öz mülahizəsinə əsasən Abunəçinin kredit limitini artırmaq və ya azaltmaq hüququna malikdir.

4.1.8. Bu Müqavilə ilə və ya qanunvericiliklə müəyyən olunan hallarda Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir.

4.1.9. Abunəçiyə dair müvafiq məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edir və yalnız bundan sonra Abunəçiyə təqdim edilmiş Mobil Nömrənin öz telekommunikasiya şəbəkəsində aktivləşdirilməsini təmin edir.

4.1.10. “Bakcell”in telekommunikasiya şəbəkəsində rouminq xidmətindən istifadə edən əcnəbi və (və ya) vətəndaşlığı olmayan Abunəçiyə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasını təmin edir.

4.1.11. Abunəçi Müqavilənin 4.2.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərini tam və vaxtında icra etmədikdə, Müqaviləyə xitam verərək Mobil Nömrəni Abunəçidən geri almaq hüququna malikdir.

4.1.12. “Bakcell” tamamilə öz mülahizəsinə əsasən, o cümlədən lakin bununla məhdudlaşmayaraq, Abunəçi tərəfindən bu Müqavilənin 4.2.8, 4.2.9, 4.2.10 və 4.2.11-ci bəndlərində nəzərdə tutulmuş öhdəliklərin pozulmasına əsaslı şübhələr olduğu təqdirdə, Mobil Nömrənin (və ya Mobil Nömrələrin) Abunəçinin müraciəti əsasında hər hansı üçüncü şəxsin adına rəsmiləşdirilməsindən və belə üçüncü şəxsin istifadəsinə verilməsindən imtina etmək hüququna malikdir.

4.1.13. Abunəçinin "Bakcell" ilə bir neçə abunə müqaviləsi və ya bir abunə müqaviləsi üzrə istifadəsində bir neçə Mobil Nömrə olduqda və həmin müqavilələrdən və ya Mobil Nömrələrdən hər hansı biri və ya bir neçəsi üzrə "Bakcell"ə borcu yarandıqda, Abunəçi ilə bağlanmış digər abunə müqavilələri və ya bir abunə müqaviləsi üzrə Mobil Nömrələrin balans hesablarından müvafiq məbləğləri tutaraq/silərək Abunəçinin "Bakcell"ə olan borclarının ödənilməsini təmin etmək hüququna malikdir.

4.1.14. Eyni Abunəçinin "Bakcell" ilə bağlaya biləcəyi müqavilələrin və ya istifadəsinə veriləcək nömrələrin sayına məhdudiyyət tətbiq etmək hüququna malikdir.

4.1.15. Bu Müqavilənin 1.1.9-cu bəndinə uyğun olaraq həyata keçirilən "Bakcell" şəbəkəsindən nömrə daşınması halında digər operatorun şəbəkəsinə daşınan nömrə üzrə öz öhdəliklərinin icra olunmasını dərhal dayandırır.

4.1.16. Bu Müqavilənin 1.1.9-cu bəndinə uyğun olaraq həyata keçirilən "Bakcell"in şəbəkəsinə nömrə daşınması halında, lakin belə nömrə üzrə əvvəlki telekommunikasiya operatoru qarşısında öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə, belə nömrə üzrə özöhdəliklərinin icra olunmasını Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş müvafiq qaydalara əsasən dayandırır.

4.1.17. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələri yerinə yetirir.

4.2. Abunəçi:

4.2.1. Bu Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq Mobil Nömrəni qəbul etməli, Mobil Nömrənin balansına ödəniş edərək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilən Mobil Nömrəni 24 saat ərzində aktivləşdirməli və bu Müqavilənin şərtlərinə uyğun olaraq istifadə etməlidir.

4.2.2. Seçilmiş Tarifə əsasən tətbiq edilən tarif planını seçə, “Bakcell” tərəfindən müəyyən edilən şərtlərə və qaydalara uyğun olaraq onu digəri ilə əvəz edə bilər. Bu Müqavilənin 4.2.2-ci bəndinin müddəaları seçilmiş tarif paketinin digəri ilə əvəz etmək hissəsində “Travel Sim” adlı Tarif paketinə şamil olunmur.

4.2.3. “Bakcell” tərəfindən göstərilən hər hansı Telekommunikasiya xidmətindən və ya Tarifdən “Bakcell” tərəfindən müəyyən edilən şərtlərə və qaydalara uyğun olaraq imtina edə və ya dəyişdirə bilər.

4.2.4. Təqdim olunmuş Mobil Nömrənin üçüncü şəxslər tərəfindən istifadəsinə görə məsuliyyət daşıyır.

4.2.5. Bu Müqavilənin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında Telekommunikasiya xidmətlərinə görə ödənişləri həyata keçirməlidir.

4.2.6. Öz identifikasiya modulunu (SİM kart/e-SİM kart və s.) və rabitə cihazının itirilməsi və ya oğurlanması barədə dərhal (istənilən halda 6 (altı) saatdan gec olmayaraq) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumuna və “Bakcell”ə yazılı bildiriş vasitəsilə rəsmi məlumat verməlidir. İstənilən halda, Abunəçi “Bakcell” ə bu bildiriş təqdim olunana qədər Telekommunikasiya xidmətləri üzrə yaranmış borcları üçün məsuliyyət daşıyır. “Bakcell” itirilmiş və ya oğurlanmış SIM-kartın/e-SIM-kartın dublikatını çıxarır və həmin dublikatın çıxarılması üçün xidmət haqqı Abunəçi tərəfindən ödənilir.

4.2.7. Abunəçi bu Müqavilədə əks olunmuş və Abunəçi tərəfindən “Bakcell”ə təqdim edilmiş Abunəçiyə aid olan məlumatların doğruluğuna görə məsuliyyət daşıyır və qeydiyyat ünvanında, anket məlumatlarında, əlaqə nömrəsində və bu Müqavilə ilə əlaqədar digər məlumatlarında baş verən dəyişikliklər barədə “Bakcell”ə dərhal (istənilən halda 2 (iki) təqvim günündən gec olmayaraq) yazılı məlumat verməlidir.

4.2.8. Abunəçi Müqaviləni bağlamaqla hazırkı Müqavilənin bütün müddəalarını qeyd-şərtsiz qəbul edir. Abunəçi Telekommunikasiya xidmətlərindən, Mobil Nömrədən istifadə zamanı qanunvericiliyin və bu Müqavilənin müddəalarına və İstifadə Siyasətinə riayət etməlidir, “Bakcell”in telekommunikasiya şəbəkəsini, Telekommunikasiya xidmətlərini, SİM kartı (SİM kartları)/e-SİM kartı (e-SİM kartları) və ya ödəniş kartlarını hər hansı qeyri-qanuni və ya qeyri-etik məqsədlər, cinayət məqsədləri və ya inzibati xətalar üçün istifadə etməməlidir.

4.2.9. Mobil Nömrənin (Mobil Nömrələrin) və SİM kartın (Sim kartların) / e-SİM kartın (e-SİM kartların) yeganə istifadəçisi olaraq onların üçüncü şəxslər tərəfindən mütəmadi və ya daimi istifadəsinə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə icarəyə verilməsinə yol verməməlidir və üçüncü şəxslərin hər hansı istifadəsinə görə tam məsuliyyət daşıyır.

4.2.10. SİM kartın / e-SİM kartın və ya SİM kartdakı/e-SİM kartdakı hər hansı məlumatın surətinin çıxarılmamasını, qanunsuz kommersiya məqsədilə istifadə edilməməsini təmin etməlidir.

4.2.11. Telekommunikasiya xidmətlərini, SİM kartı (SİM kartları)/e-SİM kartı (e-SİM kartları), ödəniş kartlarını və ya Mobil Nömrəni (Mobil Nömrələri) üçüncü şəxslərə ikinci əldən (təkrarən) satmamalıdır, habelə satmaq, istifadəyə, kirayəyə və ya icarəyə vermək məqsədilə, lakin bunlarla məhdudlaşmayan istənilən məqsədlə elan verməməlidir və belə məhdudiyyətləri pozduğu halda, SİM kart (SİM kartlar)/e-SİM kart (e-SİM kartlar) və (və ya) Mobil Nömrə (Mobil Nömrələr) üzərindən baş vermiş istənilən hadisələrə, “Bakcell”ə və üçüncü tərəflərə dəymiş bütün zərərə və itkiyə görə qanunvericiliyə uyğun olaraq tam məsuliyyət daşıyır.

4.2.12. “Bakcell”in yazılı razılığı olmadan Mobil Nömrədən (Mobil Nömrələrdən) üçüncü şəxslərə zəng mərkəzi (telefon məlumat mərkəzi) xidmətləri göstərməməlidir və Abunəçi tərəfindən seçilmiş Tarif üzrə Mobil Nömrə (Mobil Nömrələr) üzrə təqdim edilmiş SMS xidmətindən üçüncü şəxslərə kommersiya və ya digər məqsədlərlə toplu SMS (mesaj) göndərməməlidir.

4.2.13. Müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməlidir.

4.2.14. “Bakcell”in Telekommunikasiya şəbəkəsinə müdaxilə edən və ya mənfi təsir göstərə bilən qurğulardan istifadə etməməlidir.

4.2.15. Abunəçi "Bakcell"ə təqdim etdiyi rəsmi müraciəti əsasında, istifadə etdiyi Tarifə əsasən müvafiq məbləğ tutulan fakturanı və yalnız çıxan zənglərin (SMS, MMS, DATA) açıqlamasını (siyahısını və sərfiyyatı) və beynəlxalq rominq zamanı daxil olan zənglərin açıqlamasını (siyahısını və sərfiyyatı) əldə edə bilər.

4.2.16. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələri daşıyır.

4.3. Abunəçi bu Müqavilə əsasında məlumat, əyləncə və reklam növlərinə aid SMS-lərin avtomatik rejimdə onun nömrəsinə göndərilməsinə razılığnı verir və Abunəçi hər hansı növ SMS-lərin qəbulundan imtina

etdikdə həmin növlü SMS-lərin müvafiq nömrəyə göndərilməsi dayandırılır.

5. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

5.1. Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu Müqavilənin şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Abunəçi bu Müqavilədə müəyyən olunan ödənişi gecikdirdiyi təqdirdə, “Bakcell” ödənişin gecikdirildiyi hər təqvim günü üçün Abunəçi tərəfindən ödənilməli olan cəmi məbləğin 0,1% (sıfır tam onda bir faizi) həcmində, lakin cəmi borc məbləğinin 30%-dən (otuz faizindən) çox olmamaq şərtilə Abunəçiyə cərimə tətbiq edə bilər. Abunəçiyə tətbiq olunan cərimələr, onun istifadə etdiyi Mobil Nömrənin/Mobil Nömrələrin hesabından (balansından) "Bakcell" tərəfindən birtərəfli qaydada tutula bilər.

5.2. Abunəçi yaranmış borcu ödəmədikdə “Bakcell” Telekommunikasiya xidmətlərinin göstərməsini dayandırmaq hüququna malikdir. Müvafiq xidmətlərin dayandırılması Abunəçini yaranmış borcun ödənilməsi öhdəliyindən azad etmir.

5.3. Abunəçinin rouminq və digər Telekommunikasiya xidmətlərinin istifadəsi ilə bağlı hesablaşmada 60 (altmış) təqvim günü gecikmə mümkündür. Abunəçi hər bir halda həmin xidmətlər üzrə ödənişlərin edilməsinə görə məsuliyyət daşıyır.

5.4. Abunəçinin “Bakcell”in telekommunikasiya şəbəkəsindən və (və ya) telekommunikasiya avadanlığından istifadə etməsindən irəli gələn hər hansı nəticəyə görə “Bakcell” məsuliyyət daşımır.

5.5. Abunəçinin identifikasiya modulunun (SİM kart/e-SİM kart və s.) üçüncü şəxslər tərəfindən istifadəsindən yaranan nəticələrə görə Abunəçi tam məsuliyyət daşıyır.

5.6. "Bakcell" tərəfindən hazırkı Müqavilə üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsi, o cümlədən Telekommunikasiya xidmətlərin qüsurlu olması nəticəsində Abunəçiyə birbaşa və ya dolayısı ilə dəyən maddi və digər ziyana görə "Bakcell"in məsuliyyəti yalnız həmin Telekommunikasiya xidmətlərinin Tarif paketi ilə nəzərdə tutulmuş dəyəri ilə məhdudlaşır. Abunəçi razılaşır ki, "Bakcell" tərəfindən bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya qüsurla yerinə yetirilməsi nəticəsində Abunəçiyə dəyən hər hansı ziyana görə Abunəçinin "Bakcell"ə qarşı bu maddə ilə nəzərdə tutulmuş məsuliyyətdən başqa heç bir tələbi olmayacaqdır.

6. FORS MAJOR

6.1. Tərəflər bu Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri qarşısıalınmaz qüvvənin, səlahiyyətli hakimiyyət orqanlarının və vəzifəli şəxslərin aktları, habelə məhkəmə qərarları, müharibə, blokada, tətil, ictimai iğtişaşlar və başqa hərbi aktlar, yanğın, daşqın, zəlzələ və başqa təbii fəlakətlər və ya digər hər hansı səbəblərdən rabitə şəbəkəsindən istifadənin onun texniki imkanların aşması və ya tərəflərin ağlabatan şəkildə nəzərə ala bilməyəcəkləri digər öncədən görülməsi mümkün olmayan və/və ya Tərəflərin nəzarəti xaricində olan (o cümlədən, lakin bununla məhdudlaşdırılmayan texniki səbəblərdən irəli gələn hallar da daxil olmaqla) hallar və ya adi şəraitdə normal qayğı və sayəsində aradan qaldırıla bilməyən hər hansı bir hal (fors major) nəticəsində yaranan səbəblərə görə yerinə yetirməsələr, onlar (və ya Tərəflərdən biri) fors major halın davam etdiyi müddətdə öhdəliklərin icrasından azad olur. Fors major halı haqqında xəbərdar olan hər hansı bir Tərəf mümkün qədər tez digər Tərəfi məlumatlandırmalı və bu cür şəraiti aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidir.

7. ƏLAVƏ ŞƏRTLƏR

7.1. Bu Müqavilə imzalandığı tarixdən (1.1.9-cu bəndə uyğun olaraq həyata keçirilən nömrə daşınması halında, belə daşınmanın uğurla həyata keçməsi tarixindən etibarən) qüvvəyə minir və “Travel Sim” adlı Tarif Paketi çərçivəsində göstərilən müddətli Telekommunikasiya xidmətləri istisna olmaqla, qeyri-müəyyən müddətə bağlanılmış sayılır. “Travel Sim” adlı Tarif Paketinin etibarlılıq müddəti 30 (otuz) təqvim günü təşkil edir.

7.2. Abunəçinin hesabında olan məbləğ daxilində “Bakcell”in sisteminə pul yükləndiyi vaxtdan hesablanmaqla ödəmə kartlarının etibarlıq müddəti ərzində çıxış və giriş trafiki üzrə xidmət göstərilir.

7.3. Bu Müqavilənin 7.6.4.-cü bəndində istinad edilmiş Telekommunikasiya xidmətlərindən istifadə müddəti Bakcellin müvafiq sisteminə pul yükləndiyi andan hesablanır.

7.4. Bu Müqaviləyə hər hansı dəyişiklik etmək məqsədilə (Tariflərə edilən dəyişikliklər də daxil olmaqla) "Bakcell" həmin dəyişiklikləri əks etdirən məlumatı Azərbaycan Respublikası ərazisində əldə oluna bilən kütləvi informasiya vasitəsi ilə yayımlamalı və (və ya) www.bakcell.com ünvanlı rəsmi internet səhifəsində yerləşdirməlidir. Müqaviləyə dəyişikliklərin edilməsi barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayımlanması və ya www.bakcell.com internet səhifəsində yerləşdirilməsi tarixindən etibarən 10 (on) təqvim günü ərzində Abunəçi tərəfindən "Bakcell"ə Müqaviləyə xitam verilməsi barədə rəsmi bildiriş daxil olmadığı təqdirdə, yayımlanmış və ya www.bakcell.com internet səhifəsində yerləşdirilmiş dəyişikliklər Abunəçi tərəfindən qəbul edilmiş hesab edilir və "Bakcell" tərəfindən tətbiq edilir.

7.5. Bu Müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll edilir. "Bakcell" məhkəməyə müraciət etməzdən əvvəl Abunəçiyə yazılı və ya şifahi bildiriş, məlumat, pretenziya təqdim etmək öhdəliyi daşımır.

7.6. “Bakcell” aşağıdakı hallarda bu Müqavilə üzrə göstərilən xidmətləri müvəqqəti olaraq birtərəfli qaydada dayandıra və ya Müqaviləyə xitam verə bilər:

7.6.1. “Bakcell” in texnoloji avadanlığına zərər dəydikdə, texnoloji avadanlığında texniki xidmət və profilaktik işlərlə əlaqədar olaraq və ya texniki səbəblərdən şəbəkədə modifikasiya və ya təmir işlərinə ehtiyac yarandıqda;

7.6.2. Bu Müqavilənin müddəalarına uyğun olaraq Abunəçi tərəfindən Telekommunikasiya xidmətləri üzrə ödəniş öhdəlikləri yerinə yetirilmədiyi halda;

7.6.3. Abunəçi telekommunikasiya xidmətlərindən kommersiya, dələduzluq və ya bu Müqavilənin şərtlərinə və ya qanunvericiliyə zidd olan digər məqsədlərlə istifadə etdiyi halda və ya bu əməllərin törədiləcəyini güman etmək üçün əsas(lar) olduqda;

7.6.4. “Travel Sim” adlı Tarif Paketi çərçivəsində göstərilən Telekommunikasiya xidmətləri istisna olmaqla, Abunəçi seçdiyi Tarifin şərtlərinə uyğun olaraq “Bakcell”in www.bakcell.com ünvanlı rəsmi internet səhifəsində yerləşdirilmiş Telekommunikasiya xidmətlərindən istifadə müddəti sona çatdıqdan sonra ardıcıl 6 (altı) ay ərzində (Mobil Nömrədə istifadə edilən Tarifdən asılı olaraq “Bakcell”in rəsmi internet saytında fərqli müddət müəyyən edilə bilər və bu halda həmin müddət şamil olunur) bu Müqavilədə göstərilən Telekommunikasiya xidmətlərindən istifadə etmədiyi halda;

7.6.5. Abunəçi vəfat etdikdə (öldükdə) və ya məhkəmə qaydasında ölmüş elan edildikdə və ya məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə və ya məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

7.6.6. Fors-major və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

7.7. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi şəxslər üçün nəzərdə tutulmuş Tariflər üzrə Telekommunikasiya xidmətləri istisna olmaqla, Abunəçi Mobil Nömrənin 90 (doxsan) təqvim günündən çox olmayan müddətə ikitərəfli qaydada bağlanılması üçün “Bakcell” tərəfindən müəyyən edilmiş məntəqələrdə yazılı müraciət edə bilər. Abunəçi bu qaydada yazılı müraciət edərək Müqaviləyə xitam da verə bilər. Nömrənin Abunəçinin yazılı müraciəti ilə bağlanılması (xidmətlərin göstərilməsinin hazırkı bənddə müəyyən edilən müddətdən artıq olmayan müddətdə müvəqqəti dayandırılması) və ya Müqaviləyə xitam verilməsi Abunəçini həmin ana qədər yaranan borcun ödənilməsindən azad etmir. 90 (doxsan) təqvim günü keçdikdən sonra Abunəçi nömrəni aktivləşdirmədiyi halda, “Bakcell” bu Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir.

7.8. Abunəçi hazırkı Müqaviləni imzalamaqla “Mənim Bakcellim” mobil tətbiqinin şərt və müddəalarının hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi olması ilə razılaşır. Abunəçi hazırkı Müqaviləni bağlayan anda “Mənim Bakcellim” mobil tətbiqindən istifadə etmirsə, hazırkı 7.8-ci bənd Abunəçi tərəfindən həmin mobil tətbiqin şərt və qaydaları bu mobil tətbiq vasitəsilə təsdiq edildiyi anda qüvvəyə minir.

7.9. Abunəçi “Mənim Bakcellim” mobil tətbiqi və (və ya) “Bakcell”in rəsmi satış və xidmət məntəqələri və ya diler (distribütor) şəbəkəsi və ya “Bakcell”in hər hansı digər rəsmi onlayn satış kanalı (platforması) vasitəsilə əməliyyatları (Abunəçinin adına yeni Mobil Nömrə rəsmiləşdirilməsi də daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla) “Bakcell” tərəfindən bu Müqaviləyədək Abunəçinin “Bakcell”in telekommunikasiya şəbəkəsində artıq adına qeydə alınmış aktiv Mobil Nömrəsinə göndərilmiş birdəfəlik şifrəni (OTP) təsdiq etməklə icra edə bilər. Bu halda, birdəfəlik şifrənin (OTP) təsdiqi Abunəçinin şəxsi imzasının analoqu hesab edilir. Abunəçinin şəxsi imzasının analoqu Abunəçinin şəxsi imzasına bərabər hüquqi qüvvəyə malikdir. Abunəçi şəxsi imzasının analoqu vasitəsilə “Bakcell”in Telekommunikasiya xidmətlərindən, o cümlədən adına yeni Mobil Nömrənin rəsmiləşdirilməsi imkanından yalnız “Bakcell”in telekommunikasiya şəbəkəsində adına qeydə alınmış aktiv Mobil Nömrə olduğu təqdirdə istifadə edə bilər. Bu üsulla yeni Mobil Nömrə əldə edən zaman Abunəçiyə çap edilmiş yazılı abunə müqaviləsi təqdim edilmir və Abunəçi “Bakcell”in www.bakcell.com rəsmi veb səhifəsində yerləşdirilmiş və həmin anda qüvvədə olan abunə müqaviləsinin şərt və müddəaları ilə razılaşır və onu imzalamış hesab edilir. Abunəçinin şəxsi imzasının analoqundan üçüncü şəxslərin istifadəsinin hüquqi nəticələrinə görə Abunəçi tam məsuliyyət daşıyır.

7.10. Bu Müqavilə Azərbaycan dilində bağlanır və Tərəflər Müqavilənin bütün müddəaları barədə razılaşırlar.

“Bakcell” MMC:


_____________________
(imza və möhür yeri)
“Abunəçi”:


_____________________
(imza yeri)